“Baku Steel Company” QSC-nin (BSC) Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin prioritet istiqamətləri təhsilə və idmanın inkişafına dəstək, müxtəlif xarakterli sosial layihələrin həyata keçirilməsi və ətraf mühitin mühafizəsidir.
“Təhsil millətin gələcəyidir”, – Ümummilli Liderimiz Heydər Əliyevin bu fikri BSC-nin KSM layihələrində əsas tezislərdən biri olaraq yer alır. BSC gələcəyimiz olan gənclərin təhsilinə dəstək olmaq məqsədilə əməkdaşlarının ali məktəblərə yüksək balla qəbul olunan övladlarını dəyərli hədiyyələrlə mükafatlandırıb.
Təhsilə dəstək çərçivəsində şirkət, Azərbaycanda rəqəmsal iqtisadiyyatın təkamülü və yüksək texnologiyalara əsaslanan ekosistemin formalaşması üçün İT sahəsində peşəkar kadrlar hazırlayan “IT Academy” layihəsinin rəsmi tərəfdaşı olub. “IT Academy” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin informasiya texnologiyaları sahəsində yeni peşəyə yiyələnmək istəyənlər üçün birgə təşkil etdiyi təhsil layihəsi idi. Layihə dünyanın 55 ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərən “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbinin iştirakı ilə həyata keçirilib. “IT Academy” layihəsi çərçivəsində tələbələr qısa müddət ərzində İT sahəsi üzrə əmək bazarında ən çox tələb olunan veb-tərtibatçısı, QA-mühəndisi (testləşdirmə) və sistem inzibatçısı kimi peşələri sıfırdan öyrəniblər. Tədris prosesində tələbələr real problemlərin həllində unikal peşəkar təcrübə və praktiki bacarıqlar əldə ediblər.
BSC ölkəmizin insan kapitalının günü-gündən dəyər qazanmasına, ixtisaslı kadrların yetişdirilməsinə istehsalat təcrübələri ilə də dəstək verir. Təkcə son 2 il ərzində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Türkiyənin Orta Doğu Teknik Üniversitesi, Bursa Teknik Üniversitesi, Yıldız Teknik Üniversitesinin toplam 1000 nəfərə yaxın tələbəsi müəssisələrimizdə istehsalat təcrübələri keçib.
BSC davamlı olaraq ekoloji layihələrə də imza atır. Belə ki, «Nargis» Nəşriyyat Evi ilə birlikdə hər il incəsənət əsərləri vasitəsilə ekoloji problemləri ictimaiyyətə çatdırmaq məqsədi daşıyan sosial məsuliyyət layihələr həyata keçirilir. Layihələrin nəticəsi olaraq sərgilənən ekspozisiyalar paytaxtın müxtəlif ərazilərində aparılan təmizlik işləri nəticəsində toplanan tullantılardan hazırlanır. «Go Green», «Planet Calling», «Reduce, Reuse, Recycle, Respect», «Make the Earth Smile» layihələrinin eko-sərgilərində BSC-nin ekspozisiyaları nümayiş olunub və hazırda onlar şirkətin inzibati binasının önünü bəzəyir.
Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilmənin təbliğ olunması məqsədilə BSC, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının təqdimatında öz işçiləri üçün ekoloji seminarlar da təşkil edir. Ətraf mühitin, yaşıllıqların, atmosfer havasının mühafizəsi, ekoloji təhlükəsizlik, ölkəmizin eko-vəziyyəti, eləcə də təbii ehtiyatlardan səmərəli istifadə haqqında məlumatlar seminar iştirakçılarının marağına səbəb olur və fəal müzakirələrlə yadda qalır.
BSC Azərbaycanın eko-sisteminin, biomüxtəlifliyinin qorunması və yaşıllıqların salınması istiqamətində Nərimanov və Binəqədi rayonları, eləcə də Sumqayıt şəhər İcra Hakimiyyətlərinin təşkil etdikləri ağacəkmə aksiyalarında fəal iştirak edir. Təsadüfi deyil ki, BSC yenidənqurma mərhələsində şirkət ərazisində də yaşıllaşdırma və abadlaşdırma işləri aparıb, ən əsası, istehsal prosesində yaranan toz və çirkli havanı təmizləmək üçün xüsusi Qaz-Toz Tutucu Qurğu inşa edilib. Bu qurğu sayəsində yaranmış toz və zəhərli hava xüsusi filtrlərdən keçərək təmizlənir və insan sağlamlığı üçün təhlükəsiz hala gətirilir.
BSC, KSM layihələrinin bir qolu olaraq, hər il Talassemiya xəstəliyindən əziyyət çəkən insanlara Milli Hemotologiya və Transfuziologiya Mərkəzi ilə birlikdə qanvermə aksiyaları da təşkil edir.
Müxtəlif bayramlarda Vətənimizin ərazi bütövlüyü uğrunda vuruşmuş qazilərə, şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə sosial yardımların edilməsi də BSC-nin KSM layihələrinin ayrılmaz bir hissəsidir. Bu əhali təbəqəsinin sosial rifahının yaxşılaşdırılması üçün şirkət davamlı olaraq tədbirlər həyata keçirir.
2023-cü il ərzində Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə yaxından iştirak edən BSC, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə baş tutan spartakiadada şirkətin əməkdaşlarından ibarət komanda ilə yüksək nəticələr göstərib.