Tikişsiz polad borular Sumqayıt şəhərindəki “Azərboru” istehsalat sahəsində “Baku Steel Company” QSC-yə məxsus Elektrik poladəritmə sexində hazırlanan boru materialından istifadə olunaraq istehsal olunur.
Boru istehsalı 2013-cü ildə quraşdırılmış “TPA-250” boru yayma dəzgahında isti üsulla dəlmə texnologiyası ilə həyata keçirilir. Müəssisənin tərkibinə boruya müxtəlif növ yivlərin vurulması və “EMAG”, eləcə də “Danobat” şirkətlərinin istehsalı olan müasir avadanlıqda muftaların istehsalı yolu ilə qoruyucu boru hazırlanması bölmələri də daxildir. Muftaların və boruların birləşdirilməsi “Lazzari” şirkətinin avtomatlaşdırılmış istehsal kompleksində həyata keçirilir. “Nordenkraft” şirkətinin istehsalı olan boruların yeni ultrasəs sınağı kompleksi istehsal olunan məhsulun keyfiyyətinə tam nəzarət etmək imkanı verir. İstehsalat sahəsinin cari istehsal gücü ildə 60.000 ton tikişsiz qoruyucu boru, eləcə də 114-245 mm ölçülü ümumi təyinatlı boru təşkil edir.
Hazırda şirkət "Azərboru" istehsalat sahəsinin modernizasiyası və istehsal gücünün ildə 120.000 tona qədər artırılması, eləcə də nasos-kompressor borularının istehsalının mənimsənilməsi layihəsini həyata keçirir.