Mütəxəssislərimiz Almaniyanın “Siemens VAI” şirkətinin istehsalı olan “Ultimate 2” sinifli müasir 60 tonluq elektrik qövs sobası vasitəsilə ən müasir texnoloji nailiyyətlərdən istifadə etməklə metal tullantılarından əlavə, dəmir filizindən əldə edilən metallaşdırılmış dəmir diyircəklərin (DRI) və isti briketləşdirilmiş dəmirin (HBI) birbaşa bərpası texnologiyası ilə əridilməsi prosesini mənimsəyiblər və onu uğurla tətbiq etməkdədirlər.
Maye poladın arqon mühitində emalı üçün “Soba-Çalov” sobadankənar emal qurğusu quraşdırılıb.
Türkiyənin “Demora” şirkətinin istehsalı olan, kvadrat və dairəvi metal məmulatların istehsalı üçün 10250 mm diametrli, elektromaqnit qarışdırıcı və “Kobalt-60” izotopu, eləcə də maye polad meniskində avtomat səviyyə təmizləyicisi ilə təchiz olunmuş poladın dördşırnaqlı fasiləsiz tökülməsi qurğusu mövcuddur.
2023-cü ildə zavodda “Demora” şirkətinin istehsalı olan, maye poladın tərkibindəki hidrogen, oksigen və azotdan təmizlənməsi üçün vakuum qazsızlaşdırma qurğusu (VQQ) quraşdırılıb.