"Baku Steel Company" QSC (BSC) Azərbaycan Respublikasının qanunvericiliyinin və tətbiq olunan beynəlxalq standartların tələblərinə əsasən 2023-cü ilin fevralın 21-dən Keyfiyyət Siyasətini təsdiq edib, həmçinin ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi (KİS) beynəlxalq standartına sahibdir.
Şirkətimiz KİS-ə uyğun aşagıdakı öhdəlikləri öz üzərinə götürüb:
- Keyfiyyət üzrə siyasətin, məqsədlərin və KİS-in şirkətin prinsiplərinə və strateji istiqamətlərinə uyğun olmasını;
- Müştərilərə yüksək keyfiyyətli məhsulun təqdim edilməsini;
- KİS üçün lazım olan resursların mövcudluğunun təmin edilməsini;
- Qanun çərçivəsində müştərilərin tələb və gözləntilərinə riayat etməklə məhsulların vaxtında istehsalını;
- İşçilərin inkişafa yönəldilməsini, lazımi qaydada təlimləndirilməsi və təkmilləşdirilməsini;
- Məhsul və xidmətlərin uyğunluğunu, o cümlədən müştəri məmnuniyyətinin artırılmasına təsir edə biləcək risk və imkanların müəyyən edilməsini və qiymətləndirilməsini.
BSC istehsala başladığı gündən İsveçrənin “SGS”, Böyük Britaniyanın “BSI” (Britaniya Standartları İnstitutu) və Avstriyanın “TUV” kimi dünyanın keyfiyyət standartları sahəsində tanınmış və nüfuzlu qurumları ilə işləyir. Hazırda ixrac üçün istehsal olunan məhsulların satışı bu şirkətlərin keyfiyyət və kəmiyyət üzrə zəmanəti ilə həyata keçirilir. Zəmanət vermək üçün onlar BSC-nin məhsulları ilə bağlı tam müstəqil sınaqlar aparır, zavodun verdiyi keyfiyyət sertifikatını təsdiqləyirlər.
Eyni zamanda, BSC-nin 10 mm diametr ölçüsündə armatur nümunələrinin beynəlxalq standartlara uyğunluğunun yoxlanılması üçün yorulma testi (fatigue test) Türkiyənin «Matil» şirkəti tərəfindən müvəffəqiyyətlə tamamlanaraq, Almaniyanın DIN 488 standartının tələblərini tam qarşılayıb.
Azərbaycan Respublikasının müvafiq dövlət qurumları da istehsal olunan polad armaturlarımıza milli uyğunluq sertifikatı veriblər. Burada istehsal olunan məhsulların keyfiyyəti xarici ölkələrdə fəaliyyət göstərən laboratoriyalarda da nəzarət qaydasında yoxlanılıb və müsbət nəticələr əldə edilib.
Məhsulun keyfiyyətinə nəzarət poladın tərkibini spektral və kimyəvi üsullarla təyin edən təhlil və mexaniki sınaq laboratoriyasında aparılır. Poladın tərkibi 21 kimyəvi element üzrə yüksək dəqiqliklə təyin edilir və tökmə maşınına verilməzdən əvvəl ferroərinti və digər materiallar əlavə edilərək standarta uyğun tənzimlənir. Beləliklə, hazır tikinti armaturunun kimyəvi tərkibi və mexaniki xassələri ilə standartın ən yüksək tələbləri ödənilir.